Yay aylarında günəş işığı və rütubət bəziləri üçün sevinc gətirsə də, allergiyadan əziyyət çəkənlər üçün riskləri artırır.

Foodinfo.az xəbər verir ki, Moskva Tibb Akademiyasının dermatoloqu doktor Roman İlyin bildirib ki, fotodermatit adlanan günəşə qarşı dəri reaksiyaları son illərdə artmaqdadır. Bu zaman dəri qızarır, qaşınır və sulu qabarcıqlar yarana bilər.

İlyin qeyd edir ki, bəzi dərmanlar və kosmetik məhsullar günəş işığı ilə təmasda olduqda bu cür reaksiyanı gücləndirə bilər. Məsələn, limonlu ətirlər, bəzi antibiotiklər və hətta yod tərkibli mazlar buna səbəb ola bilər. O, açıq havaya çıxmazdan əvvəl günəşdən qoruyucu SPF tərkibli kremlərdən istifadəni zəruri sayır. Allergik fonu olan şəxslərə isə antihistamin preparatlarla profilaktik müalicə tövsiyə olunur.

Həkim əlavə edir ki, pambıq və nəfəs alan geyimlər də dəriyə təsiri minimuma endirə bilər. Yayın bu günlərində sağlam dərinin qorunması üçün həm içdən, həm çöldən ehtiyatlı olmaq vacibdir.