
Unutqanlıqla mübarizədə düzgün qidalanma beyin sağlamlığını qorumaq və yaddaşı gücləndirmək üçün mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, bəzi qidalar var ki, tərkibindəki vitaminlər, antioksidantlar və yağ turşuları sayəsində beynin funksiyalarını dəstəkləyir və unutqanlığın qarşısını almağa kömək edir.
Balıq, xüsusilə somon, skumbriya və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar beyin hüceyrələrinin qorunmasına və yeni hüceyrələrin yaranmasına kömək edir.
Eyni zamanda yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, kələm və brokoli – K vitamini, fol turşusu və antioksidantlarla zəngindir, bu da beyin yaşlanmasının qarşısını alır.
Qoz və badam kimi quru yemişlər də yaddaş üçün faydalıdır. Qoz omeqa-3, E vitamini və antioksidantlarla zəngindir. Yumurta, xüsusilə sarısı beyin üçün vacib olan xolin maddəsi ilə zəngindir. Bu maddə yaddaş və öyrənmə bacarığını dəstəkləyir.
Giləmeyvələr, xüsusilə qaragilə və qarağat, beyin hüceyrələrini sərbəst radikalların zərərindən qoruyur və sinir əlaqələrini gücləndirir.
Tünd şokolad da flavonoidlər və kofein sayəsində qan dövranını yaxşılaşdıraraq zehni aktivliyi artırır.
Unutqanlıqla mübarizə üçün bu qidaların rasiona müntəzəm şəkildə daxil edilməsi faydalıdır. Eyni zamanda kifayət qədər su içmək, yuxuya diqqət etmək və zehni aktivliklə məşğul olmaq da vacib amillərdəndir.