Nanə qədimdən həm ətirli bitki, həm də təbii müalicə vasitəsi kimi tanınır. Müasir tibb də onun insan orqanizminə çoxsaylı faydalarını təsdiqləyir. Foodinfo.az xəbər verir ki, qastroenteroloq, tibb üzrə ali kateqoriyalı həkim Veronika Kornilova nanə yarpaqlarının sinir sistemini sakitləşdirdiyini, yuxunu normallaşdırdığını və diqqət cəmlənməsini artırdığını bildirib.

Mütəxəssisin sözlərinə görə, nanə yarpaqlarında olan efir yağları orqanizmdə sakitləşdirici təsir göstərir, stressi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Kornilova qeyd edib ki, axşam saatlarında içilən isti nanə dəmləməsi sinir gərginliyini aradan qaldırır və orqanizmin dincəlməsinə kömək edir.

O, həmçinin bildirib ki, nanə bəzi həzm problemlərində də faydalıdır. Bu bitki mədə qazlarını azaldır, sancıları yüngülləşdirir və həzmi asanlaşdırır. Lakin həkim xəbərdarlıq edib ki, mədə yanması və qastroezofageal reflüks xəstəliyindən (GERX) əziyyət çəkən şəxslərin nanədən uzaq durması məsləhətdir.

Kornilova vurğulayıb ki, bu hallarda nanə əks təsir göstərə bilər və mədə turşusunun geri qayıtmasını gücləndirə bilər. Belə simptomları olan xəstələrə həkim məsləhəti ilə müalicəvi preparatlardan, o cümlədən itoprid tərkibli dərmanlardan istifadə etmək tövsiyə olunur.

Mütəxəssis əlavə edib ki, sağlam insanlar üçün nanə çayı gündə bir-iki stəkan qəbul edildikdə faydalıdır və asan yuxuya getməyə kömək edir. O, nanəni həm təzə, həm də qurudulmuş halda çaylara və yeməklərə əlavə etməyin orqanizm üçün təbii dəstək olduğunu vurğulayıb.