Yay mövsümündə bədənin su balansını qorumaq və susuzluğu yatırmaq üçün sağlam içkilər seçmək vacibdir. Foodinfo.az bildirir ki, bu barədə brend aşpaz və kulinariya tarixçisi Anton Prokofyev RİA Novosti-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, yaşıl çay isti havalarda susuzluğu yatırmaq üçün ən yaxşı içkilərdən biridir. Prokofyev qeyd edib ki, yaşıl çay orqanizmi təravətləndirir, eyni zamanda faydalı antioksidantlarla zəngindir.

Ekspert əlavə edib ki, limonadlar, sitrus meyvələri əlavə edilmiş su, müxtəlif soyuq qəhvə kokteylləri və kvas da isti havada rahatlıq gətirə bilər.

Prokofyev bildirib ki, xüsusilə qazlı və şəkərli içkilərdən uzaq durmaq lazımdır. Onun fikrincə, bu cür içkilər bədəni daha da susuzlaşdırır və sağlamlığa zərər verə bilər.

Mütəxəssis tövsiyə edir ki, gün ərzində su balansını qorumaq üçün təbii içkilərə üstünlük verilsin və süni əlavələrdən qaçmaq vacibdir.