Yemək pozğunluqları üzrə ixtisaslaşmış psixoloq Kseniya Zabaturina qida asılılığından xilas olmaq üçün hərəkətliliyin vacib olduğunu bildirib. Foodinfo.az bildirir ki, mütəxəssis bu barədə “İzvestiya” qəzetinə verdiyi açıqlamada danışıb.

Ekspert qeyd edib ki, insanlar çox vaxt qidaya təhlükəsizlik və emosional rahatlıq mənbəyi kimi yanaşır. Onun sözlərinə görə, “Stress atmaq üçün yeyirəm”, “Şirniyyat mənim antidepresanımdır” kimi ifadələr gündəlik həyatın bir hissəsinə çevrilib.

Zabaturina bildirib ki, həddindən artıq yemək insanlarda emosional boşluğu doldurmaq ehtiyacından qaynaqlanır. Bu vəziyyət adətən dəstək, məmnunluq və rahatlıq çatışmazlığı zamanı baş verir.

Psixoloq hesab edir ki, bu problemin həllində fiziki aktivlik və açıq havada gəzmək mühüm rol oynayır. O, eyni zamanda ətrafda rahat və sakit mühit yaratmağın da vacibliyini vurğulayıb.

Mütəxəssis xoş qoxular, sakitləşdirici səslər və dincəlmək üçün şəraitin insanın psixoloji vəziyyətinə müsbət təsir etdiyini qeyd edib. Zabaturina əlavə edib ki, təbiətdə vaxt keçirmək və gündəlik həyat tempini dəyişmək qida asılılığını azaltmağa kömək edir.