Amerikalı alimlər kalori saymadan arıqlamağa imkan verən yeni pəhriz modelini araşdırıblar. Foodinfo.az bildirir ki, "Frontiers in Nutrition" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, vegan pəhrizinə keçid 16 həftə ərzində 6 kiloqrama qədər arıqlamağa səbəb olub, bu isə həftəlik orta hesabla 0,5 kiloqram deməkdir.

Araşdırma artıq çəkili 62 nəfər böyüklə aparılıb. Nəticələr göstərib ki, bitki mənşəli qidalanma qida turşusunun səviyyəsini azaldır. Alimlər hesab edir ki, bu turşular iltihabı artırır və maddələr mübadiləsini ləngidir. Maraqlıdır ki, tərkibində yağsız ət olan Aralıq dənizi pəhrizi isə eyni nəticəni verməyib və bədən çəkisində ciddi dəyişiklik müşahidə olunmayıb.

Tədqiqatçılar brokoli, çuğundur, yarpaqlı göyərti, yerkökü, sarımsaq kimi tərəvəzlərə; giləmeyvə, alma, bostan, ərik kimi meyvələrə; paxlalılar və taxıllara – o cümlədən mərci, noxud, tofu və quinoa kimi məhsullara üstünlük verilməsini məsləhət görürlər.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, tam şəkildə heyvani məhsullardan imtina müəyyən qida maddələrinin – B12, D vitaminləri, dəmir və yod – çatışmazlığına səbəb ola bilər. Bu isə yorğunluq, qanazlığı və sümük sağlamlığında problemlərlə nəticələnə bilər.

Dietoloqların fikrincə, belə bir pəhrizə başlamazdan əvvəl ya menyunu peşəkarla birlikdə planlaşdırmaq, ya da vacib vitamin və mineralları əlavə olaraq qəbul etmək lazımdır.