Kakaolu süd uşaqlar tərəfindən sevilən, dadlı və enerjili içkilərdən biridir. 

Foodinfo.az xəbər verir ki, tərkibində süd və kakao olduğu üçün bəzi valideynlər bunu faydalı hesab etsə də, tərkibindəki şəkər miqdarı, əlavə maddələr və kalori dəyəri bu məhsulun faydasını şübhə altına sala bilər.

Kakaolu süd əsasən inək südündən hazırlanır və bu, uşaqların sümük və diş inkişafı üçün zəruri olan kalsium və zülalla zəngindir. Aktiv uşaqlar üçün, xüsusilə idmandan sonra bərpa içkisi kimi istifadə edilə bilər.

Təbii kakao antioksidantlarla zəngindir, immunitet sisteminə müsbət təsir göstərir.

Lakin marketdə satılan kakaolu südlərin bir stəkanında 2-4 çay qaşığına qədər şəkər ola bilər. Bu da artıq çəki, diş çürüməsi və şəkərə öyrəşməsinə səbəb ola bilər.

Eyni zamanda, təbii kakaoda az miqdarda kofein olur. Bu da həssas uşaqlarda yuxusuzluq, əsəbilik və diqqət dağınıqlığı yaradır.

Bəzi hazır kakaolu südlərə süni dadvericilər, konservantlar və ətirverici maddələr əlavə olunur – bu isə sağlamlıq üçün faydalı deyil.

Kakaolu süd əgər evdə təbii kakao tozu və az şəkər ilə hazırlanarsa, idmanla məşğul olan və çox enerji sərf edən uşaqlara aralıqla və nəzarətlə verilərsə, tamamilə şəkərsiz və yağsız südlə qarışdırılarsa, onu faydalı hesab etmək olar.