Mərcimək, noxud və yaşıl noxud rasionda tez-tez ikinci planda qalsa da, orqanizm üçün çox faydalı qida məhsulları sayılır. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bu paxlalıların sağlamlığa təsiri və düzgün hazırlanma üsulları barədə məlumat verib.
Həkimin sözlərinə görə, bu məhsullar bitki mənşəli zülal, lif, dəmir, fol turşusu və manqanla zəngindir. Onların tərkibindəki lif bağırsaq mikroflorasını dəstəkləyir və həzm sisteminin işini yaxşılaşdırır. Lakin düzgün hazırlanmadıqda və ya həddindən artıq istifadə edildikdə köp və qaz yarada bilər.
Mütəxəssis ən təhlükəsiz və faydalı üç yeməyi qeyd edib:
• Noxuddan hazırlanan humus – əvvəlcədən isladılıb yaxşı bişirildikdə daha asan həzm olunur.
• Qırmızı mərcimək şorbası – yüngül quruluşu sayəsində mədəni yormur.
• Qaynadılmış və ya buxarda bişirilmiş yaşıl noxud – sadə və sağlam garnir hesab olunur.
Həkim vurğulayıb ki, paxlalı yeməklər rasiona tədricən daxil edilməli və porsiyalar ölçülü olmalıdır.






