Gündəlik qidalanmada kiçik dəyişikliklər böyük nəticələr verə bilər. Mütəxəssislər bildirir ki, adi ağ çörəyi tam taxıllı çörəklə əvəz etmək orqanizmə bir sıra mühüm üstünlüklər qazandırır və bu, xüsusilə sağlam həyat tərzinə keçmək istəyənlər üçün effektiv addımdır. Foodinfo.az Doctorpiter nəşrinə istinadla xəbər verir ki, dietoloqlar çörəyin ümumiyyətlə zərərli olmadığını, əksinə, düzgün seçildikdə orqanizm üçün vacib enerji mənbəyi olduğunu vurğulayırlar.
Araşdırmalara görə, tam taxıllı çörək daha çox liflə zəngindir və bu da bağırsaq sağlamlığını yaxşılaşdırır, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azalda bilər. Eyni zamanda, bu növ çörək daha uzun müddət toxluq hissi yaradır ki, bu da artıq qida qəbulunun qarşısını alaraq arıqlama prosesinə müsbət təsir göstərir. Mütəxəssislər qeyd edir ki, belə çörək qanda xolesterinin səviyyəsini də aşağı sala və həzm prosesini tənzimləyə bilər.
Bundan əlavə, tam taxıllı çörəyin tərkibindəki qida lifləri qəbizliyin qarşısını alır və bağırsaq mikroflorasını dəstəkləyir. Onun digər mühüm üstünlüyü isə qanda şəkərin səviyyəsinə təsiri ilə bağlıdır – lif sayəsində karbohidratlar daha yavaş sorulur və bu da şəkərin kəskin yüksəlməsinin qarşısını alır. Mütəxəssislər bildirir ki, müntəzəm tam taxıl istehlakı 2-ci tip diabet riskini də əhəmiyyətli dərəcədə azalda bilər.






