Kofe dünyada ən çox istehlak edilən içkilərdən biri olsa da, onun düzgün vaxtda və qaydada qəbul edilməsi sağlamlığa təsirini ciddi şəkildə dəyişə bilər. Mütəxəssislər bildirir ki, sadə qaydalara əməl etməklə kofedən yalnız müsbət təsirlər almaq mümkündür. Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis kofeinin beyinə və qaraciyərə müsbət təsir göstərdiyini, eyni zamanda diqqət və yaddaşı gücləndirdiyini qeyd edir.

Onun sözlərinə görə, kofein orqanizmdə yorğunluq hissi yaradan adenozini bloklayaraq insanı daha enerjili hiss etdirir. Bu maddə həm də düşüncə aydınlığını artıran dopaminin ifrazını stimullaşdırır və zehni fəaliyyətə müsbət təsir göstərir. Eyni zamanda asetilxolin səviyyəsini artıraraq həm fiziki, həm də zehni dəyişikliklərə uyğunlaşmanı asanlaşdırır.

Mütəxəssis kofedən maksimum fayda almaq üçün bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir. Belə ki, oyandıqdan sonra ilk 90-120 dəqiqə ərzində kofe içmək məsləhət görülmür, çünki bu dövrdə orqanizmin təbii enerji mexanizmləri aktiv olur. Gün ərzində 1-3 mq/kq kofein qəbulu optimal sayılır və bu, adətən 1-2 fincan kofeyə uyğun gəlir. Həmçinin, yatmazdan ən azı 8-10 saat əvvəl kofe içilməməlidir ki, yuxu keyfiyyəti pozulmasın. Kofe qəbul edərkən kifayət qədər su içmək və onu acqarına istifadə etməmək də sağlamlıq üçün mühüm hesab olunur.