Azərbaycanda qida yağlarının tərkibindəki trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 %-dir. Amma Q.Təhməzli hesab edir ki, bu göstərici 2 %-ə endirilməlidir: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə də trans yağlarının yuxarı həddini 2 % edək. Təbii ki bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Energetik içkilərdə olduğu kimi, hazırda trans yağlarla da bağlı müvafiq normativ-hüquqi sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək və sonra hüquqi qüvvəyə minəcək".