Soyuducu məhsulları qorumaq üçün istifadə olunsa da, bəzi hallarda orada ciddi bakterial infeksiyalar inkişaf edə bilər.
Foodinfo.az xəbər verir ki, infeksionist Vira Serjojina soyuducuda saxlanılan qidaların yersinioz (xalq arasında “siçan xəstəliyi”) adlı təhlükəli bakterial infeksiyanın yayılmasına səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, yersinia bakteriyaları soyuducu şəraitində də aktiv şəkildə çoxalır. Onlar hərəkət etmək qabiliyyətinə malikdirlər və bu sayədə bir məhsuldan digərinə asanlıqla keçirlər. Xüsusilə ət və süd məhsulları bu mikroorqanizmlər üçün ideal zülal mənbəyidir.

Serjojina qeyd edir ki, tərəvəz və meyvələr digər qidalarla təmas etməməlidir – onları mütləq ayrı qab və ya konteynerlərdə saxlamaq lazımdır. O, eyni zamanda göyərti və tərəvəzlərin istifadə olunmazdan əvvəl diqqətlə yuyulmasını və mümkün olduqda xüsusi məhlullarla emal edilməsini tövsiyə edir.

Mütəxəssis əlavə edib ki, ev və anbar şəraitində mütəmadi deratizasiya (siçan və gəmiricilərə qarşı tədbirlər) aparmaq bu infeksiyanın yayılmasının qarşısını almaq üçün vacibdir.