
Yay aylarında sərinləyici ləzzət kimi sevilən plombir dondurması əslində sağlamlıq üçün düşündüyümüz qədər zərərsiz olmaya bilər.
Foodinfo.az xəbər verir ki, dietoloq-endokrinoloq Nataliya Lazurenko plombirin yüksək şəkər və yağ tərkibli olması səbəbilə orqanizmə ciddi təsirlər göstərdiyini bildirib. Onun sözlərinə görə, bu növ dondurma qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə və iştahanın nəzarətdən çıxmasına səbəb ola bilər.
"Bu, ucuz enerji mənbəyidir. Tərkibində həm krem yağı var, həm də sadə karbohidratlar. Bu kombinasiya isə tez doymamaq və normadan artıq yeməyə gətirib çıxarır", – deyə mütəxəssis qeyd edib.
Dietoloq əlavə edib ki, arada bir dondurma yemək mümkündür, lakin onunla həddindən artıq həvəsə qapılmaq olmaz. Qanda şəkər və insulin səviyyəsində baş verən kəskin sıçrayışlar orqanizm üçün zərərli və aqressiv proseslər hesab olunur.
Lazurenko vurğulayıb ki, insan həmişə əsas qida rasionunu prioritet tutmalı və plombir kimi ləzzətləri isə nadir hallarda və ölçülü şəkildə istehlak etməlidir.