Sadə qaydalara əməl etmək ev şəraitində hazırlanan yeməklərdən təhlükəsiz şəkildə istifadə etməyə və sağlamlıq risklərindən yayınmağa kömək edir. Mütəxəssislər bildirir ki, şorbaların düzgün saxlanma müddəti qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, şorbanın +2–6 °C temperaturda təhlükəsiz saxlanma müddəti 2–3 gün təşkil edir.

Otaq temperaturunda saxlanılan ətli şorbalar xüsusilə isti havalarda artıq 3–4 saatdan sonra xarab ola bilər. Ətsiz şorbaların isə otaq temperaturunda saxlanma müddəti maksimum 5–6 saatdır.

Mütəxəssislər hazır yeməyi tam soyuduqdan dərhal sonra soyuducuya yerləşdirməyi tövsiyə edirlər. Qeyd olunur ki, soyuducuda belə müxtəlif şorbaların saxlanma müddəti fərqlidir. Toyuq şorbası və borş 2–3 gün təzə qalır, solyanka 4 günə qədər saxlanıla bilər, rassolnik təxminən 3 gün, təzə kələmdən hazırlanan şçi isə ən yaxşı halda 2 gün ərzində istehlak olunmalıdır.

Bildirilib ki, şorbalar 2–3 gündən artıq saxlanılmamalı və qızdırılmazdan əvvəl mütləq yoxlanmalıdır. Əgər yeməyin qoxusunda turşuluq hiss olunursa və ya rəngində dəyişiklik müşahidə edilirsə, onu istifadə etmək tövsiyə olunmur. Çünki vaxtı keçmiş şorbalar ciddi qida zəhərlənməsinə səbəb ola bilər.