Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası ilə bağlı təbliğat-təşviqat işlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Agentlik tərəfindən üzərində “Şəkəri azalt, ömrünü uzat!” yazılmış bilbordlar hazırlanıb. Həmin konstruksiyalar paytaxtın bir sıra küçə və prospektlərində, Bakı metropoliteninin stansiyalarında və qatarlarda yerləşdirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində AQTA tərəfindən maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin təhsil müəssisələrində görüşlər keçirilir. İndiyədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, Azərbaycan Texniki Universitetində, həmçinin bir neçə ümumtəhsil müəssisələrində və körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Tədbirlərdə AQTA və AQTİ-nin mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar edilib.

Təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, növbəti mərhələdə iri ticarət mərkəzlərində və supermarketlərdə maarifləndirici stendlərin qurulması nəzərdə tutulur. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.

Onu da bildirək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.