"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi yaxınlarda müvafiq qurumlara təqdim olunacaq. Foodinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib. Onun sözlərinə görə, hökumətdə təmsil olunan qurumların, müxtəlif ictimai təşkilatların, sahibkarların, eyni zamanda beynəlxalq ekspertlərin rəy verdikləri mükəmməl bir qanun layihəsi hazırlanıb: "Həmin sənəddə Azərbaycanın ixrac olunan məhsullarının istər heyvan, istərsə bitki mənşəlli, istərsə də digər xarakterli məhsulların göstəriciləri öz əksini tapacaq. Yəni, bir sənəd üzərində həm məhsulun baytarlıq, həm fitosanitar, eyni zamanda digər sağlamlıq göstəriciləri də əks olunacaq". Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.