Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. KİV-də yer alan məlumatlar əsasında AQTA əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən “Oba Retail Chain” MMC-yə məxsus ticarət mərkəzində yoxlama keçiriblər. Yoxlama zamanı anbardan Rusiyada  istehsal edilən, ümumi çəkisi 4.4 kq olan  “Volşebnaya Lampa” əmtəə nişanlı və ümumi çəkisi 1.270 kq olan “Orexovoye Çarstvo” əmtəə nişanlı konfetlərin zərərvericilərlə sirayətləndiyi müşahidə edilib.  Eyni zamanda qənnadı məmulatlarının (konfet, şokolad, karamel) qablaşdırıldığı qutuların üzərində istehsal tarixi, yararlılıq müddəti barədə məlumatların öz əksini tapmadığı məlum olub. Qənnadı məmulatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labaratoriyasına təqdim edilib. Analizin nəticələrinə əsasən satışdan götürülən “Nevskiy Pomad” adlı konfet məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar verilib. Bununla əlaqədar olaraq  ticarət mərkəzi ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.