Ət satışı müəssisəsi ət və ət məhsullarının saxlanılması üçün soyuducu şkaf, soyuducu vitrin və ya dondurucularla təchiz edilməlidir. Həmçinin müəssisədə qida üçün yararsız hesab olunan, həmçinin müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsullarının müvəqqəti saxlanması üçün üzərində iri şriftlərlə, aydın oxunan “Sanitar soyuducusu” yazısı olan ayrı (sanitar) soyuducu olmalıdır.

Foodinfo.az-ın xəbərinə görə, barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Həmçinin sənədə əsasən, soyuducularda temperatur rejimi ət və ət məhsullarının saxlanma şəraitinə uyğun olmalıdır. Soyuducu vitrində ət və ət məhsullarının yaxşı görünməsi məqsədi ilə quraşdırılan işıqlandırma lampaları qoruyucularla təchiz edilməlidir. Soyuducu qurğuların kondensat suyu heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təmas etməməlidir.

Eyni zamanda ət və ət məhsullarının daşınması üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə edilməlidir. Sub məhsullar (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) isə digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda, digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər.