ABŞ rəhbərliyi Əfqanıstan və Pakistanlı uşaqlar üçün nəzərdə tutulan yüksək kalorili 500 ton peçenyeni yandırmaq qərarına gəlib.

Foodinfo.az bildirir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Məlumata görə, məhsullar ABŞ-ın beynəlxalq yardım agentliyi USAID tərəfindən sabiq prezident Co Baydenin dövründə alınıb və hazırda Dubaydakı anbarlarda saxlanılır. Məhsulların ümumi dəyəri təxminən səkkiz yüz min dollardır.

Tramp administrasiyası xarici yardımları dayandırdıqdan sonra USAID əməkdaşları bu ərzağın bölgəyə çatdırılması üçün icazə almağa çalışsalar da, cavab ala bilməyiblər. İndi isə məhsulların istifadə müddətinin başa çatmaq üzrə olması səbəbilə onları məhv etmək tapşırılıb.

“The Atlantic” qeyd edir ki, bu qədər peçenye təxminən bir milyon yarım uşağı bir həftə ərzində qidalandıra bilərdi. Qərar humanitar dairələrdə tənqidlərə səbəb olub, çünki bu addım ehtiyac içində olan bölgələrdə aclıqla mübarizə səylərinə ziddir.