“Azərbaycanın qida müəssisələrinin hər biri üçün ayrıca standartlar müəyyənləşdiriləcək və standartlar sahələr üzrə həmin qida müəssisələrinə bildirişlər veriləcək”. Foodinfo.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, son zamanlar mətbuat qida müəssisələrində təftiş və yoxlamaların aparılması ilə bağlı yanlış məlumatlar yayır: "Müəssisələrdə yoxlamaların aparılması və onların cəzalandırılması Agentliyin funksiyasına daxil olan məsələ deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir”. Q.Təhməzli qeyd edib ki, Agentlik bəzi qida məhsullarının risklərini önə çəkərək həmin riskləri qiymətləndirməklə məşğuldur: "Belə ki, biz riskin idarə edilməsini tənzimləyəcəyik. Məsələn, son günlər mətbuatda un və un məhsulları ilə əlaqədar bəzi yanlış fikirlər səsləndirilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, çörək yüksək riskə daxil olan qida məhsulu deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. Bu sahədə istənilən şəxslə debata çıxa bilərəm. Bununla bağlı səsləndirilən bəzi fikirlər qeyri-peşəkar yanaşmadır və insanlarda təşviş yaradır".