Cənubi Koreyada it ətinin istehlakının qadağan edən qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.

Cənubi Koreya mediası xəbər verir ki, ölkədə yüz illərdir ənənə olan it əti istehlakının qadağan olunması təşəbbüsünü həm hakim Xalqın Gücü Partiyası, həm də əsas müxalif qüvvə olan Demokrat Partiyası dəstəkləyir. Cənubi Koreyada it ətinin yeyilməsinin qadağan olunması təşəbbüsləri bir neçə dəfə irəli sürülsə də, hazırki kimi geniş siyasi və ictimai dəstək qazanmayıb. Ölkənin birinci xanımı Kim Kon Hinin də it ətinin istehlakına qarşı aparılan kampaniyaya qoşulması bu təşəbbüsün populyarlaşmasına səbəb olub.

Cənubi Koreya mediasının yazdığına görə, it ətinin istehlakını qadağan edən qanun 2024-cü ilin sonunadək qəbul olunacaq. Qanun layihəsində Kənd Təsərrüfatı Nazirliyinin it fermalarında çalışanların başqa işlə təmin olunmasına dəstək verməsinə dair bənd var.

İt ətinin istehlakını qadağan olunmasına qarşı çıxanlar isə bu sektordan qazanc əldə edənlər, o cümlədən fermer təsərrüfatları, restoranlardır.

Heyvan haqlarının müdafiəçiləri insanın heyvanlar arasında ən yaxın dostu olan itlərin qida üçün məhv edilməsini pislədiyi halda, əks tərəf bu ənənənin mal və donuz ətindən fərqlənmədiyini iddia edir.

Qeyd edək ki, it əti Cənubi Koreyada ən çox yeyilən 5-ci heyvan ətidir. Hazırda ölkədə təxminən 3 min 500 it ferması fəaliyyət göstərir ki, onlar 3 min restoranı ətlə təmin edir. “Gallup” sorğu təşkilatının ötən il Cənubi Koreyada keçirdiyi sorğuya əsasən, əhalinin 64 faizi it əti istehlakına neqativ yanaşıb.