ABŞ-ın dörd ştatında - Arizona, Yuta, Kaliforniya və Texasda son zamanlar torpaqda nəhəng çatlar getdikcə daha tez-tez görünməyə başlayıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazır.

Məlumata əsasən, qırılmaların ümumi uzunluğu 272 kilometri keçib.

Arizona Geoloji Tədqiqat Xidmətinin əməkdaşı Cozef Kukun sözlərinə görə, belə çatların yaranmasının ehtimal olunan səbəbi yeraltı suların istifadəsidir ki, bu da nəticədə yerin çökməsinə səbəb olur.

"İnsanlar planetin dərinliklərindən suyu Yerin onu yenidən doldura bildiyindən daha tez çıxarırlar", - deyə mütəxəssis izah edib.

Maraqlıdır ki, bəşəriyyətin istifadə etdiyi bütün içməli suyun təxminən yarısı qrunt suları hesabına təmin edilir, 40%-i isə suvarma üçün istifadə olunur.