Hər il dünyada 300 mindən çox uşağa xərçəng xəstəliyi diaqnozu qoyulur. Dünyada uşaqlarının 80 faizi orta gəlir səviyyəsi aşağı olan ölkələrdə yaşayır. Həmin ölkələrdə xərçəng diaqnozu qoyulan uşaqların təqribən 80 faizi həyatını itirir. Türkiyənin Leykemiyalı Uşaqlar Vəqfinin açıqlamasına görə, hər il bu ölkədə 2500-3000 uşağa xərçəng diaqnozu qoyulur. Uşaq xərçəng xəstəlikləri içərisində ən çox rast gəlinən isə 35 faiz nəticə ilə leykemiyadır. Açıqlamada uşaq və yeniyetmələrin həyatını itirməsinə səbəb olan 4 yoluxucu olmayan xəstəliyin olduğu qeyd edilib: xərçəng, ürək-damar xəstəliklər, diabet və xroniki tənəffüs problemləri. Bununla yanaşı, açıqlamada xərçəngə yol açan səbəblər içərisində siqaret (uşaqların olduğu mühitdə siqaret çəkilməsi), düzgün olmayan qidalanma, hərəkətsiz həyat tərzi, kimyəvi qatqılar, genetik faktorlar və s. yer alıb. Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər yoluxucu olmayan xəstəliklərdən doğan erkən ölüm hallarını üçdə bir nisbətində azaltmağı hədəfləyir. Uşaq xərçəng xəstəlikləri əksərən müalicə edilə bilər. Lakin gec diaqnoz qoyulması, düzgün və keyfiyyətli müalicənin çatışmazlığı və yanlış müalicə nəticəsində uşaq və yeniyetmələr arasında ölüm halları yüksəkdir. Xərçəngin müalicəsində balanslı və təbii qidalanma, infeksiyalardan qoruyacaq gigiyenik həyat, həyata möhkəm bağlayacaq psixoloji dəstəklər də vacib rol oynayır. (AZƏRTAC)