Qaraciyər sağlamlığını qorumaq üçün düzgün qidalanma böyük əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, gastroenteroloq Nataliya Morozova bəzi məhsulların faydalı hesab edilsə də, orqan üçün təhlükə yarada biləcəyini bildirib. Onun sözlərinə görə, tərkibində çoxlu heyvani yağ olan ərzaqlar qaraciyərdə piylənmə riskini artırır.

Mütəxəssis qeyd edib ki, kərə yağı, ördək və qaz əti bu baxımdan xüsusilə təhlükəli qidalar sırasındadır. Çünki bu məhsulların tez-tez istifadəsi qaraciyərin piyləşməsinə və ciddi funksional pozuntulara səbəb ola bilər.

Həkim əlavə edib ki, hətta bəzi göyərtilər belə qaraciyərə və öd yollarına mənfi təsir göstərə bilər. Məsələn, keşniş, turşəng və yabanı soğanın tərkibindəki turşular və efir yağları öd ifrazında pozulmalara gətirib çıxara bilər.

Morozovanın sözlərinə görə, qaraciyərin əsas “düşmənləri” isə qazlı içkilər və şəkərli məhsullardır. Buraya fruktoza əsaslı siroplar və bəzi şəkər əvəzediciləri də daxildir.

Ekspert sağlam qidalanmaq istəyən insanlara yağlı ətlərdən, şirin qazlı içkilərdən və qaraciyərə yük salan ərzaqlardan uzaq durmağı tövsiyə edib. Onun fikrincə, balanslı pəhriz və kifayət qədər su qəbulu qaraciyərin normal fəaliyyətini dəstəkləyən əsas şərtlərdəndir.