Qəhvə içmək bəzən bizi oyandırsa da, gecə bədənimizin bərpasına mane ola bilər. Foodinfo.az xəbər verir ki, Montreal Universitetinin mütəxəssisləri yeni tədqiqatda göstəriblər ki, günün ikinci yarısında iki fincan qəhvə belə beynin fəaliyyətinə ciddi təsir göstərə bilər və növbəti gün enerji səviyyəsini aşağı sala bilər.

Tədqiqatda 40 sağlam yetkin iştirakçının yuxusu analiz edilib. İştirakçılar iki gecə laboratoriyada qalıb: bir gecə 200 mq kofein (təxminən iki fincan qəhvə) qəbul etdikdən sonra, digər gecə isə plasebo qəbul ediblər. Elektroensefalografiya vasitəsilə alimlər müəyyən ediblər ki, kofein xüsusilə dərin yuxu – yəni bədənin bərpası üçün kritik olan mərhələyə təsir edir. Bu mərhələdə beyin normalda dərin sakitliyə keçir, amma kofein təsiri altında fəaliyyəti yüksək qalır və yuxu keyfiyyəti azalır.

Araşdırmanın rəhbəri, professor Filip Tölke bildirir: “Kofein sadəcə yuxuya mane olmur, o, yuxunun strukturunu dəyişdirir və onu səthi edir.” Maraqlıdır ki, 20–27 yaş arası gənclər sürətli yuxu fazasında kofein stimullaşdırıcı təsirinə daha həssas olublar. Alimlər bunu kofein tərəfindən bloklanan adenozin reseptorlarının yaşla azalması ilə izah edirlər.

Nəticə göstərir ki, xüsusilə axşam saatlarında qəhvə içməyə diqqət yetirmək vacibdir, əks halda növbəti gün yuxusuzluq və enerji çatışmazlığı müşahidə oluna bilər.