Diş həkimi-ortodont, EUROKAPPA Klinik Mərkəzinin ortodontiya şöbəsinin rəhbəri Viktoriya Radko bildirib ki, karamel tipli bərk konfetlər dişlər üçün ən zərərli şirniyyat növüdür.
Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu cür şirniyyatlar diş minasına uzunmüddətli təsir göstərir və kariyes riskini artırır.
Radko qeyd edib ki, şokolad və zefir kimi məhsullar tez yeyildiyi üçün ağızda qısa müddət qalır, lakin karamel 10–15 dəqiqə ərzində dişlərlə təmasda olur. Bu müddət ərzində şəkər diş minasına yapışaraq ağız boşluğunda turşuluğun səviyyəsini aşağı salır.
Onun sözlərinə görə, turşuluğun azalması bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır və nəticədə diş səthində eroziya və çürümə başlaya bilər. “Bu proses səssiz şəkildə gedir, lakin mütəmadi olaraq təkrarlanarsa, dişlərin bərpası çətinləşə bilər,” – deyə həkim bildirib.
Radko əlavə edib ki, xüsusilə uşaqların gündəlik qida rasionunda bərk konfetlərin azaldılması vacibdir. O, bu məhsulların yerinə meyvə, təbii qurudulmuş giləmeyvə və ya şəkərsiz saqqızın seçilməsini məsləhət görüb.
Mütəxəssis diş minasını qorumaq üçün hər dəfə şirniyyat qəbulundan sonra ağızı su ilə yaxalamağı və gündə iki dəfə dişləri təmizləməyi tövsiyə edib.
Radkonun fikrincə, balanslı qidalanma və düzgün gigiyena vərdişləri dişlərin sağlam qalmasının əsas açarıdır.






