Braziliyalı alimlər müəyyən ediblər ki, birinci sıxım zeytun yağının qidaya əlavə olunması piylənmə ilə bağlı beyin iltihabının qarşısını ala bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, San-Paulu Universitetinin alimləri tərəfindən aparılan təcrübələr zamanı bu yağın faydalı təsirləri elmi şəkildə sübut edilib.
Araşdırmaya əsasən, birinci sıxım (extra virgin) zeytun yağı siçanların rasionuna əlavə edildikdə, onların beyninin hipotalamus adlanan hissəsində iltihabi proseslərin qarşısı alınıb. Məhz bu hissə orqanizmdə aclıq hissinə və maddələr mübadiləsinə nəzarət edir.
Alimlər qeyd ediblər ki, zeytun yağı qəbul edən heyvanlarda piylənmə əlamətləri azalır, bədən çəkisi normada qalır və maddələr mübadiləsi yaxşılaşır. Bu nəticələr “Nutritional Neuroscience” elmi jurnalında dərc olunub.
Birinci sıxım zeytun yağı kimyəvi üsullarla deyil, mexaniki yolla əldə edilir. Onun tərkibindəki polifenollar və E vitamini güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Tədqiqatın rəhbəri Ariadna Peres bildirib ki, yüksək yağlı qidalarla bəslənən siçanlarda əlavə olaraq zeytun yağı verildikdə, onların hipotalamusunda adətən piylənmə zamanı yaranan iltihab azalıb.
Mütəxəssislər hesab edirlər ki, birinci sıxım zeytun yağının gündəlik qidalanmaya daxil edilməsi piylənmə və onunla bağlı maddələr mübadiləsi pozğunluqlarının qarşısının alınmasında mühüm rol oynaya bilər.
Alimlərin fikrincə, bu nəticələr insan orqanizminə də aiddir və sağlam həyat tərzi ilə yanaşı düzgün yağ seçiminin nə qədər vacib olduğunu bir daha sübut edir.






