Məhsulların dondurucuda düzgün saxlanması həm onların dadını, həm də qida dəyərini qorumaq baxımından böyük əhəmiyyət daşıyır və bu, ailə büdcəsinə də müsbət təsir göstərir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, aşpaz Dmitri Usenkonun sözlərinə görə, dondurma prosesi gigiyenik qaydalara əməl etməklə və düzgün qablaşdırma ilə həyata keçirilməlidir. Məhsullar ayrı-ayrılıqda təmiz paket və ya qablarda saxlanmalı, qarışıqlığın qarşısı alınmalıdır.

Mütəxəssis bildirir ki, hər bir məhsulun dondurucuda saxlanma müddəti fərqlidir. Məsələn, çörək təxminən 1 ay, tərəvəzlər 1 ilə qədər, meyvələr isə 8–12 ay saxlanıla bilər. Balıq 3–6 ay, ət 2–9 ay, yarımfabrikatlar və quş əti isə təxminən 3 ay ərzində istifadə olunmalıdır.

Düzgün dondurma üçün bəzi vacib məqamlar da qeyd olunur. Qablaşdırma üzərində məhsulun adı və tarixinin yazılması tövsiyə edilir ki, saxlanma müddətinə nəzarət etmək asan olsun. Bəzi tərəvəzlər, xüsusilə kələm, kök və badımcan kimi məhsullar dondurulmazdan əvvəl yarımbişmiş vəziyyətə gətirilməlidir.

Su tərkibi yüksək olan tərəvəz və meyvələr isə daha çox püre halında dondurulmalıdır. Meyvələri istifadə üçün rahat ölçüdə doğramaq məqsədəuyğundur, giləmeyvələr isə bütöv şəkildə saxlanıla bilər.

Ət və balıq məhsullarının hava ilə təmasını minimuma endirmək vacibdir. Bu, onların oksidləşməsinin qarşısını alır və həm görünüşünü, həm də dadını qorumağa kömək edir.