Şokoladlı süd, aromatizə olunmuş şirin kəsmik və yoqurt, kolbasa, mayonez və sənaye dondurması kimi yağ və şəkəri yüksək olan qidaların qəbulunu məhdudlaşdırmaq gəncliyinizi uzatmağa kömək edə bilər.

 Foodinfo.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Nataliya Silina danışıb.

Onun sözlərinə görə, süfrə duzundan gündə beş qramdan çox istifadə olunmamalıdır. Şəkəri də gündə dörd çay qaşığından çox qəbul etməmək, yaxud tamamilə rasiondan çıxarmaq daha yaxşıdır. 

Qadınlar üçün 2000, kişilər üçün 2500 optimal kalori qəbulu ilə bağlı tövsiyələr isə şərtlidir. Bu norma diyetoloq tərəfindən fərdi olaraq hesablanır.

Gəncliyi uzatmaq və xroniki xəstəliklərdən, o cümlədən xərçəng, ürək-damar problemləri və qocalıq demensiyasından qorunmaq üçün ən yaxşı seçim kimi həkim balanslaşdırılmış qidalanmanı, optimal fiziki aktivliyi, yuxunu və stressin təsirini minimuma endirilməsini məsləhət görür.

Rasiona tərkibində B qrupundan vitaminlər, dəmir, maqnezium, selenium və lif olan dənli bitkiləri və taxıl məhsullarını daxil etmək lazımdır. Tərəvəz və meyvələrdən də yemək vacibdir: onların tərkibində beta-karoten, fol turşusu, C, E və K vitaminləri, maqnezium, kalium və lif var. Tərkibində amin turşuları, əvəzolunmaz yağ turşuları, B qrupundan vitaminlər, maqnezium, dəmir və sink olan ət, balıq və süd məhsulları da yeyilməlidir.

Diyetoloq əlavə edib ki, zeytun, kətan toxumu, küncüt və günəbaxan yağları, eləcə də qoz-fındıq, yağlı balıq və avokado sağlamlıq üçün faydalı yağların siyahısına daxildir.