Mayın 11-də Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar. Foodinfo.az xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini şərtləndirən başlıca amillərdən biri də elmi əsaslara söykənən, dinamik dövlət idarəçiliyi metodlarının tətbiqidir. Komitə sədri onu da qeyd edib ki, xüsusilə son illərdə aparılan mütərəqqi islahatlar iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafına təkan verməklə yanaşı müxtəlif dövlət qurumları arasında dinamik, səmərəli əlaqələrin qurulmasına şərait yaradıb və Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi arasında imzalanan anlaşma memorandumu da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Səfər Mehdiyev anlaşma memorandumun iki qurum arasında qarşılıqlı fəaliyyət prinsiplərinin parametrlərini müəyyənləşdirməklə qida təhlükəsizliyi ilə bağlı məsələlərin səmərəli və operativ şəkildə həllinə şərait yaradacağını bildirib. Komitə sədri onu da qeyd edib ki, imzalanan sənəd qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, resursların birgə və səmərəli şəkildə istifadə edilməsinə zəmin yaradacaq, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəçiliyi və nəzarət metodlarının gücləndirilməsinə imkan verəcək. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dərin iqtisadi islahatlar həyata keçirildiyini, qida təhlükəsizliyinin təmin edilməsinin də bu islahatların tərkib hissəsi oduğunu bildirib. İdxal və ixrac edilən qida məhsulları üzrərində nəzarətin həyata keçirilməsinin qida təhlükəsizliyi məsələlərinin bir hissəsi olduğunu qeyd edən Qoşqar Təhməzli memorandumun imzalanması ilə birlikdə bu sahədə sağlam təhlükəsizlik sisteminin qurulmasına şərait yarandığını diqqətə çatdırıb. Qeyd edək ki, memorandumda ölkə ərazisinə idxal və ixrac olunan qida məhsulları, baytarlıq və fitosanitar yüklər haqqında məlumat mübadiləsinin təmin edilməsi, yüklər üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərin görülməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, risklər barədə məlumat mübadiləsinin təmin edilməsi, ölkə daxilində yaradılmış gömrük nəzarəti zonalarında yüklərə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti baxımından baxışın keçirilməsi, nümunələrin götürülməsinə və götürülmüş nümunələrin ekspertizaya cəlb edilməsinə Komitə tərəfindən şəraitin yaradılması, qida məhsullarına verilən sənədlərin onlayn rejimdə gömrük orqanları tərəfindən müşahidəsi və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə tərəflərin müvafiq elektron sistemləri arasında inteqrasiyanın təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.