Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir.

Bu dəfə yayımlanan videoçarxda “PAŞA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən “Bravo” marketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Teixeira pərakəndə satış sektorunda qida təhlükəsizliyi proseslərinin əhəmiyyətindən danışır.

O bildirir ki, qida təhlükəsizliyi təkcə mağazada satılan məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Bu, istehsalçıdan başlayaraq logistika mərhələlərini və satış nöqtələrində aparılan son yoxlamaları əhatə edən bütöv bir təchizat zəncirinin nəticəsidir.

Jaime Teixeira təchizatçıların düzgün seçimi, məhsulların mənşəyinin şəffaflığı və təhlükəsizlik standartlarına ciddi riayət olunmasının istehlakçı sağlamlığının qorunmasında əsas rol oynadığını vurğulayır.

Etibarsız mənbələrdən əldə edilən və nəzarətdən kənarda qalan məhsullar görünməz təhlükələr yaradır. Yalnız təhlükəsizliyi sübut edilmiş, standartlara uyğun məhsulların satışa çıxarılması sağlam və etibarlı qida mühitinin formalaşmasına imkan verir.

Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!