Yay fəslinin yaxınlaşması ilə əlaqədar çobanlar aran rayonlarından dağlıq ərazilərə üz tuturlar. Əvvəlcə qışlaqdan yaylağa lazımi ev əşyaları köçürülür. Ardınca heyvanların köçü başlayır. Köç elə də asanlıqla reallaşmır. Sürü yaylağa köç edən zaman bəzən çobanlar yağışa, bəzən də istiyə düşürlər. Dəyişkən hava şəraiti işin çətinliyini və məsuliyyətini daha da artırır. Bəzən sürüyə qurd hücum edir, bəzən də hər hansı heyvan yolda xəstələnir ki, bunlar da köç prosesinin çətin anlarındandır. Çobanların əsas köməyinə atlar və itlər çatır. Sürünü aparan çobanlar atlardan növbəli olaraq istifadə edirlər. AZƏRTAC xəbər verir ki, hər il İsmayıllı və Şamaxı yaylaqlarına Ağcabədi, İmişli, Hacıqabul, Şirvan, Kürdəmir, Zərdab və digər rayonlardan yüzlərlə sürü gəlir. Onların arasında qoyun-quzu, mal-qara ilə yanaşı, at və dəvə sürüləri də olur. Fermerlərin sözlərinə görə, yaylaqlarda bəslənmə xüsusilə heyvanların qidaya olan tələbatının ödənməsi baxımından çox sərfəlidir. Yaylaqda heyvanların otarılması yemə olan tələbatın tam ödənilməsinə imkan verir. Eyni zamanda, təsərrüfatın istehsal xərcinin azalmasına səbəb olur. Sürülərin yaylaqda bəslənməsi prosesi sentyabrın sonuna qədər davam edəcək. Ardınca qışlaq köçü başlayacaq. Rayon icra hakimiyyəti və digər əlaqədar qurumlar sürülərdə zoobaytarlıq tədbirlərinin aparılması və heyvanların zoogigiyenik baxımdan təhlükəsiz şəraitdə yay otlaqlarına çıxarılmasına nəzarət edir.