Qırmızı balıq və qaymaqlı sousla hazırlanan bu piroq həm dadlı, həm də doyumlu yemək kimi süfrələrdə xüsusi yer tuta bilər. Zərif içlik və xırtıldayan xəmirin vəhdəti onu evdə tez-tez hazırlanan yeməklərdən birinə çevirir.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, bu resept həm gündəlik, həm də qonaqlıq süfrələri üçün ideal seçim hesab olunur.
Tərkibi:
Xəmir üçün:
- 2 stəkan un
- 1 stəkan yumşaldılmış kərə yağı
- 2–3 xörək qaşığı su
İçlik üçün:
- 120 qram şalot soğanı
- 15 qram kərə yağı
- 2 ədəd yumurta
- 1 stəkan xırda doğranmış qırmızı balıq
- 60 qram rəndələnmiş pendir
- 3/4 stəkan qatı qaymaq
- 1/4 stəkan ispanaq
- duz, istiot – zövqə görə
Hazırlanma qaydasına görə əvvəlcə soba 220 dərəcəyə qədər qızdırılır və xəmir üçün olan inqrediyentlər qarışdırılaraq elastik kütlə əldə edilir. Xəmir forma daxilində yayılaraq soyuducuda bir saat saxlanılır.
Bu arada doğranmış soğan kərə yağında yüngül qızardılır və soyumağa qoyulur. Ayrı qabda yumurta çalınır, üzərinə qaymaq, ispanaq, duz və istiot əlavə edilir.
Soyudulmuş xəmirin üzərinə balıq və soğan yerləşdirilir, ardından yumurtalı qarışıq əlavə olunur və üzərinə pendir səpilir. Piroq əvvəlcə 10 dəqiqə 220 dərəcədə, daha sonra isə temperatur 190 dərəcəyə endirilərək əlavə 20 dəqiqə bişirilir.
Hazır piroqu bir qədər soyuduqdan sonra servis etmək tövsiyə olunur. Bu yemək həm isti, həm də soyuq halda öz dadını qoruyur.






