Qaraciyər xəstəlikləri müasir dövrdə getdikcə daha geniş yayılır və bu, əsasən həyat tərzi ilə əlaqələndirilir. Mütəxəssislər bildirir ki, düzgün olmayan qidalanma və bəzi vərdişlər bu orqanın fəaliyyətinə ciddi zərər vura bilər. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, həkim-terapevt Dariya Boqomolovanın sözlərinə görə, piylənmə və fastfud qəbulu qaraciyər xəstəliklərinin əsas səbəbləri sırasındadır.
Mütəxəssis bildirib ki, piylənmə və ya şəkərli diabetdən əziyyət çəkən, gündəlik kalorinin təxminən 20 faizini fastfuddan alan şəxslərdə qaraciyərdə yağlanma səviyyəsi kəskin artır. Onun sözlərinə görə, hətta sağlam insanlarda belə bu cür qidalanma qaraciyər hüceyrələrində orta dərəcədə yağ yığılmasına səbəb olur ki, bu da sonradan alkoqolsuz piyli qaraciyər xəstəliyinin inkişafına gətirib çıxara bilər.
Dariya Boqomolova qaraciyər xəstəliklərinin digər səbəbi kimi bioloji aktiv qida əlavələrini də qeyd edib. O bildirib ki, dərmanlardan fərqli olaraq bu əlavələrin istehsalı və qeydiyyatı üzərində ciddi nəzarət mexanizmi yoxdur. Nəticədə bəzi bioloji aktiv əlavələr kəskin hepatit, xolestatik qaraciyər zədələnməsi və hətta qaraciyər çatışmazlığı yarada bilər.
Həkimin sözlərinə görə, spirtli içkilərin qəbulu da qaraciyər sağlamlığına mənfi təsir göstərir. Xüsusilə alkoqolun müntəzəm və nəzarətsiz istifadəsi qaraciyər hüceyrələrinin zədələnməsinə və xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər qaraciyərin qorunması üçün balanslı qidalanmaya, fastfuddan uzaq durmağa, bioloji aktiv əlavələri yalnız həkim məsləhəti ilə qəbul etməyə və alkoqol istifadəsini minimuma endirməyə çağırır.






