
Qoz-fındıq və müxtəlif tum növləri sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Onlar orqanizm üçün vacib olan yağ turşuları, vitaminlər və minerallarla zəngindir. Lakin mütəxəssislər bu məhsulları yeməzdən əvvəl müəyyən hazırlıq mərhələsindən keçirməyi tövsiyə edirlər.
Foodinfo.az xəbər verir ki, endokrinoloq və diyetoloq Anton Polyakov qoz-fındığı və tumları yeməzdən öncə islatmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, məhsulun üzərində toplanmış toz, çirk və digər yad maddələrin təmizlənməsinə kömək edir. “İkinci bir səbəb isə dadla bağlıdır. Isladılmış qoz-fındıq daha yumşaq, təravətli və sanki yeni yığılmış kimi olur,” – deyə mütəxəssis bildirib.
Polyakov əlavə edib ki, islatma prosesi həm də qoz-fındığın tərkibində olan fitin turşusunu azaldır. Bu maddə bəzi hallarda orqanizmin mineralları mənimsəməsini çətinləşdirə bilər. “Sadəcə bir neçə saatlıq islatma ilə məhsulun həm dadını, həm də bioloji dəyərini artırmaq mümkündür,” – deyə həkim qeyd edib.
Diyetoloq qoz-fındığın miqdarına da diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, gündə təxminən 25 qram qoz-fındıq və tum yeyilməsi həm beyin fəaliyyətinə, həm ürək-damar sisteminə, həm də dərinin sağlamlığına müsbət təsir göstərir. Lakin bu miqdardan artıq qəbul edildikdə, yüksək kalori dəyərinə görə artıq çəkiyə səbəb ola bilər.
Mütəxəssislər ümumilikdə qoz-fındığı təbii formada, duzsuz və qızardılmamış şəkildə istifadə etməyi məsləhət görürlər. Belə halda orqanizm bu məhsullardan maksimum fayda əldə edir.