
Orqanizmin sağlam fəaliyyəti üçün yod qədər onun mənimsənilməsinə kömək edən minerallar da mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, Rusiyalı endokrinoloq Anna Kuznetsova bu prosesdə selenin əvəzolunmaz əhəmiyyətə malik olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, selen yodun əsas “partnyoru” sayılır, çünki o, qalxanabənzər vəz hormonlarını aktivləşdirən fermentlərin tərkibinə daxildir. Bu mineral eyni zamanda vəzəni oksidləşdirici stressdən qoruyur və hormonal balansın sabit qalmasına yardım edir.
Kuznetsova qeyd edib ki, selen çatışmazlığı hormonların sintezini pozur və yodun çatışmazlığı zamanı yaranan mənfi təsirləri daha da gücləndirir. Orqanizmdə T4 hormonunun aktiv forması olan T3-ə çevrilməsi məhz selenin iştirakı ilə mümkündür.
Həkim əlavə edib ki, bu prosesdə dəmir də mühüm rol oynayır. Dəmirin azlığı qalxanabənzər vəzinin fəaliyyətini zəiflədir və orqanizmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
Selen əsasən dəniz məhsullarında, yumurtada, sarımsaqlarda, Braziliya qozunda və tam taxıllarda olur. Mütəxəssislər bu məhsulların mütəmadi istifadəsinin yodun mənimsənilməsini təbii şəkildə yaxşılaşdırdığını bildirirlər.
Qidalanmada selen və yod balansının qorunması həm maddələr mübadiləsini tənzimləyir, həm də orqanizmin enerji səviyyəsini və immun sistemini gücləndirir.