Yeməkləri sürətlə yemək artıq çəki və həddindən artıq qida qəbuluna səbəb ola bilər. Foodinfo.az bildirir ki, Yaponiyanın Fujita Sağlamlıq Elmləri Universitetinin alimləri yavaş yeməyi təşviq edən sadə və praktik bir üsul müəyyən ediblər: yemək növünü və təqdimat formasını dəyişmək.

Tədqiqat göstərib ki, yeməyin strukturu və necə təqdim edilməsi onun qəbul sürətinə təsir edir. Ənənəvi yapon bento yeməkləri – düyü, tərəvəz və ət hissələrindən ibarət porsiyalar – fast food, xüsusilə də pizza ilə müqayisədə daha yavaş yeyilir. Alimlər 41 böyüklə apardıqları eksperimentdə müşahidə ediblər ki, yeməyi çubuqla yemək və hissə-hissə ayrılmış menyudan istifadə çeynəmə müddətini və yemə vaxtını artırır.

Sürətli yeməyin qarşısını almaq üçün tədqiqatçılar çeynəməyi və yeməyi çəngəl-bıçaq və ya çubuqla qəbul etməyi tələb edən, həmçinin bir neçə komponentdən ibarət olan qidaları seçməyi tövsiyə edirlər. Məsələn, salat, tərəvəzli və düyülü yeməklər, bento tipli qablaşdırmalar bu baxımdan daha uyğundur.

Tədqiqatda maraqlı nəticələr də əldə olunub: kişilər qadınlara nisbətən daha sürətli, yaşlılar isə gənclərə nisbətən daha tez yeyirlər. Lakin istisnasız olaraq bütün yaş və cins qruplarında yeməyin növü əsas təyinedicidir.

Alimlər vurğulayır ki, yeməyi yavaş-yavaş yemək doyma siqnallarının beyinə vaxtında çatmasına şərait yaradır. Bu da daha az yeməyə, daha yaxşı qida nəzarətinə və arıqlama prosesinə töhfə verir.