
Çuğundur şirəsi fiziki performansı artırmaqla yanaşı, əzələlərin oksigenlə təmin olunmasını da yaxşılaşdırır. Foodinfo.az xəbər verir ki, İngiltərənin Exeter Universitetinin araşdırmasına görə, çuğundur nitratla zəngindir və bu maddə orqanizmdə nitrik oksidə çevrilərək damarları genişləndirir. Bu proses nəticəsində qan dövranı sürətlənir və əzələlərə daha çox oksigen çatır. İdmançılar çuğundur şirəsini yarışlardan əvvəl qəbul etdikdə daha uzun müddət dayanmadan fəaliyyət göstərə bilirlər.
Təbii bir vasitə kimi çuğundur şirəsinin istifadəsi idmanda dopinq əvəzinə tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, çuğundur həmçinin qaraciyər funksiyalarını dəstəkləyir və toksinlərin bədəndən atılmasına kömək edir. Şirənin tərkibindəki betain maddəsi xolesterolu tənzimləyir və damar sağlamlığını qoruyur. İdmanla məşğul olmayan insanlar üçün də bu içki gündəlik enerji mənbəyi hesab olunur.
Çuğundur şirəsi qan təzyiqini normallaşdırır və yaddaşı gücləndirir. Lakin mədə problemi olanlara bu şirə aç qarına içilməməlidir. Ən yaxşı effekt üçün şirənin təzə çəkilməsi və tərkibinə əlavə şəkər qatılmaması vacibdir. Mütəxəssislər onu səhərlər, yeməkdən əvvəl yarım stəkan miqdarında içməyi tövsiyə edirlər.