Çörək və un məmulatları qida rasionunun əsas hissəsi olmamalıdır, çünki həddindən artıq istehlak edildikdə, onlar yalnız mədə-bağırsaq traktını doldurur və demək olar ki, heç bir faydalı maddə bədənə daxil olmur. 

 Foodinfo.az xəbər verir ki, bu barədə danışan cərrah Aleksandr Umnov makaronun bəzi hallarda ölümə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, xəmirin tərkibindəki qabartma tozu eroziyaya səbəb ola, maya isə mədə-bağırsaq traktının mikroflorasını poza bilər. Şəkər qlisemik indeksi tədricən artırır, bu da diabetlə nəticələnə bilər. Daimi un məmulatlarından istifadə nəticəsində orqanizm bədənə daxil olan qlükoza həcminin öhdəsindən gələ bilmir. Qlükoza isə yağa çevrilir və bədənin və orqanların üzərində yığılır.

Umnov bildirib ki, yumşaq buğda sortlarından hazırlanan makaronda qlüten az, sürətli karbohidratlar isə daha çox olur, buna görə də onlar daha tez doydurur, lakin çəki də daha sürətlə artır.

Bərk buğdadan hazırlanan makaronda isə daha çox qlüten və lif var ki, bu da toxluq hissini də uzunmüddətli edir. Belə makaronun tərkibində, həmçinin, amin turşusu da çoxdur, bu isə toxumaların bərpasına səbəb olur.

"Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlar unun tərkib hissəsi olan qlüteni həzm edə bilmir, bu da şişkinliyə, ishala, bəzən hətta ölümə səbəb olur. Un məmulatlarının çoxluğu zamanla mədə-bağırsaq traktının motorikasını dəyişə və qəbizliyə səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

O vurğulayıb ki, makaronu qızartmaq yox, qaynatmaq lazımdır, çünki qızarıldıqda məhsulun kalorisi artır.