
İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün həmin müəssisələrin əməkdaşları çalışdıqları ictimai iaşə obyektlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir. Bu sahədə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida ilə təmasda olan işçilər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
İnstitutdan Foodinfo.az-a bildirilib ki, təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, ziyanvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə geniş məlumat verilib.
Təlimdə vurğulanıb ki, qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenası mühüm rol oynayır. İctimai iaşə müəssisələrində çalışan əməkdaşların təmiz iş geyimi geyinməsi, bone və əlcəkdən istifadə etməsi, sahəyə giriş zamanı əllərini yuyaraq dezinfeksiya etməsi və dırnaqların təmiz saxlanması vacib tələblər sırasındadır. Bu qaydalara əməl olunmaması qida məhsullarının çirklənməsi və istehlakçının sağlamlığının risk altına düşməsi ilə nəticələnə bilər.
Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib.




