Baytar həkim Yevgeniya Simonova çiy südün istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığını açıqlayıb.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, süd qaynadılmadan içildikdə brutsellyoz kimi zoonoz xəstəliklərə yoluxma riski artır. Brutsellyoz heyvandan insana keçən infeksiyadır və daha çox süd məhsulları vasitəsilə yayılır.

Simonova qeyd edib ki, bu xəstəlik əsasən kənd təsərrüfatı işçiləri və ya çiy süd istifadə edənlər arasında müşahidə olunur. Xəstəlik orqanizmdə xüsusilə oynaqlara təsir edə bilər və ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, süd yalnız qaynadıldıqdan sonra istifadə edilməlidir. Bu, potensial bakteriyaları məhv etməyə və sağlamlığı qorumağa kömək edir.

O vurğulayıb ki, təbii görünsə də, çiy süd heç də təhlükəsiz deyil və düzgün emal olunmadan istifadə edilməməlidir.