Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən heyvan sağlamlığı sahəsində birgə həyata keçirilən Tvinninq layihənin yekunlaşması ilə bağlı tədbir təşkil edilib.

Foodinfo.az xəbər verir ki, AQTİ-də keçirilən tədbir çərçivəsində əvvəlcə layihə üzrə koordinator Francesko Pomilio ilə görüş olub. Görüşdə layihənin mərhələləri, görülmüş işlər və əldə edilmiş nəticələrə dair müzakirələr aparılıb. Bildirilib ki, layihənin əsas məqsədi Milli Referens laboratoriyasının fəaliyyətinin genişləndirilməsinə dəstək, ISO:17043:2010 “Səriştəlilik sınaqlarının təşkilinə dair ümumi tələblər” standartının tətbiqi üzrə GAP analizləri və hesabatın hazırlanması olub. Həmçinin, layihə çərçivəsində mikrobioloji, virusoloji və kimyəvi sahədə aparılan müayinələr üzrə təlimlər təşkil olunub. AQTİ əməkdaşlarının peşəkarlığının yüksəldilməsi və səriştəliliyinin artırılması istiqamətində bir sıra işlər görülüb. Eyni zamanda, İnstitutun mütəxəssisləri xarici ölkələrdə keçirilən təlimlərə qatılıb, təcrübə mübadiləsi aparıblar.

Görüşdə AQTİ və ÜHST arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Görüşdən sonra qonaq iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. F. Pomilio laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.