Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, agentlik əməkdaşları tərəfindən İmişli şəhəri, “Təzə Bazar” adlanan ərazidə yerləşən “Pərviz İKF” MMC-də keçirilmiş plandankənar yoxlama zamanı 300 m2 olan anbar sahəsində bir nəfər işçinin çalışdığı məlum olub. Baxış zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkar olunub. Belə ki, anbarda zərərli kimyəvi maddələrin (gübrələrin) saxlanma temperaturuna riayət olunmadığı, pərakəndə şəkildə, döşəmə və divardan ara məsafə gözlənilmədən yığıldığı, mexaniki havalandırma sisteminin, temperatur və rütubətə nəzarət cihazının mövcud olmadığı, yardımçı otaq və işçilər üçün geyinib-soyunma otağının təşkil edilmədiyi, işçinin fərdi qoruyucu vasitələrlə təmin olunmadığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq “Pərviz İKF” MMC-yə məxsus anbarın fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati tədbir görülüb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="50906,50907,50908,50909"]