Sabah Bakıda keçiriləcək “WorldFood Azerbaijan” sərgisində bir çox yeniliklər təqdim olunacaq. Foodinfo.az-ın verdiyi xəbərə görə, ilk dəfə təşkil olunan “yeni məhsullar vitrini” sərgidə təqdim edilən bütün yeni məhsullarla yaxından tanış olmağa imkan verəcək. Tədbirin məqsədi iştirakçılara yeni məhsul və xidmətləri öyrənmək və kəşf etmək, yeni iş imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübələrini bölüşmək məqsədi ilə aparıcı yerli şirkətlərlə görüşmək üçün əlavə imkanlar təqdim etməkdir. İştirakçılar bu layihə çərçivəsində hələ bazara daxil olmamış məhsullarını nümayiş etdirəcək və sərgi ziyarətçiləri bu məhsulları ilk dəfə görmək imkanı əldə edəcəklər. 20-dən çox şirkət özlərinin yeni məhsul və xidmətlərini təqdim etmək və gələcək əməkdaşlıq baxımından peşəkar auditoriyanın diqqətini daha da artırmaq üçün əlavə imkanlardan faydalanıb. Hər vitrində məhsul haqqında ətraflı məlumat veriləcək və stendin nömrəsi isə istehsalçı şirkətin sərgidəki yerini göstərəcək. Məsələn, “Astara Çay” şirkəti birbaşa sərgidə tamamilə yeni çay buketini təqdim edəcək və ilk dəfə olaraq, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ziyarətçiləri bu çayın dadına baxa biləcəklər.