Yeniyetmə dövründə düzgün və balanslı qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Foodinfo.az bildirir ki, bu barədə tibb elmləri doktoru, professor Pavel Berejanski aif.ru-ya açıqlamasında danışıb. Mütəxəssis qeyd edib ki, gün ərzində üç əsas yemək – səhər yeməyi, nahar və şam yeməyi qəbul edilməlidir.

Onun sözlərinə görə, daimi və nəzarətsiz qəlyanaltılar həzm problemləri, artıq çəki və metabolik pozğunluqlara yol açır. Bu vəziyyət isə sonradan şəkərli diabet, hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Professor vurğulayıb ki, yeniyetmələrin gündəlik rasionu zülallar, yağlar və karbohidratlarla balanslaşdırılmalıdır.

Oğlanlar üçün gündəlik enerji tələbatı 2500 kilokalori, qızlar üçün isə 2200 kilokalori səviyyəsində olmalıdır. Berejanski qeyd edib ki, köftə və ya sendviç kimi təsadüfi yeməklər sağlamlıq üçün yetərli deyil. Həkim valideynləri övladlarının yemək rejiminə nəzarət etməyə çağırıb. Mütəxəssisin fikrincə, balanslı və vaxtında qidalanma yeniyetmənin fiziki və zehni inkişafını dəstəkləyir. Daimi pəhriz rejimi olan uşaqlarda isə piylənmə və digər metabolik problemlərin yaranma ehtimalı daha aşağı olur.