
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə reallaşmış “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilib.
Foodinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AQTİ mütəxəssisləri iştirakçılara layihəyə göstərdikləri marağa, eyni zamanda təlim müddətindəki səylərinə görə təşəkkürlərini ifadə ediblər, təlimlər zamanı qazanılmış bacarıq və vərdişlərin gələcək fəaliyyətlərində səmərəli və faydalı olacağını vurğulayıblar.
İştirakçılar da öz növbəsində əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlərin təşkilini təqdir ediblər, pilot layihənin ümumilikdə təhlükəsiz və sağlam qidalanmanın təşviqi üzrə aparılan işlərə töhfə verəcəyini diqqətə çatdırıblar.
Sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində növbəti mərhələdə imtahandan uğurla keçən iştirakçıların təmsil etdikləri məktəblərdə 5-9-cu sinif şagirdləri arasında sorğu-anketin keçirilməsi, həmçinin məktəblərdə maarifləndirici məlumat banerlərinin yerləşdirilməsi nəzərdə tutulur.