LG və "Samsung" şirkətləri "ağıllı ev" üçün tətbiqlərin inteqrasiyası sahəsində əməkdaşlıqlarını elan ediblər. Bu, istifadəçilərə 2024-cü ilin sonuna qədər "Samsung"un "SmartThings" proqramı ilə LG məişət texnikasını idarə etməyə imkan verəcək.

 Foodinfo.az xəbər verir ki, belə inteqrasiya, məişət texnikasının brendlərarası inteqrasiyasına yönəlmiş sənaye koalisiyası olan "Home Connectivity Alliance" (HCA) sayəsində mümkün olub. 

HCA paltaryuyan maşın, soyuducu, televizor və s. daxil olmaqla, "Wi-Fi"a qoşulmuş müxtəlif cihazların qarşılıqlı əlaqəsini təmin etmək üçün bulud kommunikasiyalarından istifadə edir.

Birgə işin məqsədi istifadəçilərə rahatlıq və enerjiyə qənaət bəxş etməklə, HCA markasının bütün 15 brendinin texnikası üzərində vahid nəzarəti təmin etməkdir. Birgə layihə gələn ilin dördüncü rübündə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Türkiyə də daxil olmaqla səkkiz ölkədə həyata keçiriləcək.