Tacikistanın qida məhsulları idxalını Azərbaycan məhsulları ilə əvəz etmək planlaşdırılır.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Tacikistanın qida məhsullarının idxalı 950 milyon ABŞ dolları ətrafındadır.

"Əfsuslar olsun ki, Tacikistanla ticarət əlaqələri kiçikdir. İllik dövriyyəmiz cəmi 6 milyon ABŞ dolları civarındadır. Bu dövriyyə mütləq şəkildə artırılmalıdır. Azərbaycan Tacikistana əsasən şəkər və pambıq yağı tədarük edir. Bu ölkənin illik pambıq yağı idxalı 116 min tondur. Burada payımız çox böyük olmasa da Tacikistana pambıq yağı tədarükünü min tona çatdırmaq niyyətindəyik", - AZPROMO-nun rəhbəri bildirib.

Y.Abdullayev bugünkü Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanan 16 sənədin nəticə etibarı ilə iki ölkə arasında ticarət dövriyyəsi və investisiya əlaqələrini artıracağına ümidini ifadə edib.