İsveçin Uppsal Universitetinin alimləri 2-ci tip diabet və alkoqolsuz qaraciyər piylənməsinin müalicəsində ən effektiv qidalanma modelini açıqlayıblar. Foodinfo.az bildirir ki, bir il davam edən klinik tədqiqatın nəticələrinə əsasən, sağlam skandinav pəhrizi bu xəstəliklərə qarşı ən yaxşı nəticə göstərib. Araşdırmada diabet və ya prediyabet diaqnozu olan 150 nəfər iştirak edib. İştirakçılar bir il ərzində üç fərqli pəhrizdən birinə əməl ediblər. Bunlar aşağı karbohidratlı, skandinav və rəsmi qidalanma tövsiyələrinə əsaslanan standart pəhriz olub.

Nəticələr göstərib ki, tam taxıllar, tərəvəzlər, meyvələr, balıq və bitki mənşəli yağlarla zəngin olan skandinav pəhrizi digərlərini geridə qoyub. Tədqiqat rəhbəri, professor Ulf Rizörusun sözlərinə görə, bu pəhrizə əməl edən iştirakçılarda qaraciyərdə yağlanma 20 faizdən çox azalıb. Eyni zamanda qanda şəkər səviyyəsinə nəzarət xeyli yaxşılaşıb. İştirakçıların təxminən yarısında qaraciyərin piylənməsi geriləyib.

Maraqlı məqam ondan ibarətdir ki, iştirakçılar qida miqdarını məhdudlaşdırmadan çəki itiriblər. Alimlər əvvəlcə ən yaxşı nəticənin aşağı karbohidratlı pəhrizdə olacağını gözləsələr də, skandinav pəhrizi bu gözləntiləri üstələyib. Mütəxəssislər bu qidalanma modelinin uzunmüddətli dövrdə davamlı və rahat tətbiq edilə biləcəyini bildirirlər. Araşdırmanın nəticələri nüfuzlu Nature Communications elmi jurnalında dərc olunub.