Dietoloq, qidalanma üzrə mütəxəssis Zinaida Medvedeva beynin sağlam fəaliyyətinin qorunmasında qida seçiminin mühüm rol oynadığını bildirib. Foodinfo.az bildirir ki, ekspert kp.ru saytına açıqlamasında şirin məhsulların beyinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, şokolad və ya şirin qazlı içkilər qısa müddətli enerji artımı yaratsa da, bu təsir davamlı olmur. Bir müddət sonra orqanizmdə halsızlıq və yorğunluq hissi yaranır. Medvedeva qeyd edib ki, bu vəziyyət yuxululuqla müşayiət oluna bilər. Eyni zamanda yaddaşın zəifləməsi və diqqətin azalması müşahidə olunur. Mütəxəssis bunun idrak funksiyalarına da mənfi təsir etdiyini bildirib.

Dietoloqun sözlərinə görə, beynin stabil fəaliyyəti üçün şəkər balansının qorunması vacibdir. O, gündəlik rasionda təbii və kompleks karbohidratlara üstünlük verilməsini tövsiyə edib. Medvedeva həmçinin heyvani mənşəli məhsulların həddindən artıq qəbulunun da beyinə əlavə yük yaratdığını deyib. Bu cür qidaların normadan artıq istifadəsi maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Mütəxəssis balanslı qidalanma, tərəvəz, meyvə və faydalı yağlarla zəngin menyunun beyin sağlamlığı üçün daha məqsədəuyğun olduğunu vurğulayıb.